Get Mystery Box with random crypto!

Bu gün, yəni 30 may Mirzə Ələkbər Sabirin doğum günüdür. Ələkb | Şeirlər aləmi🎶📝

Bu gün, yəni 30 may Mirzə Ələkbər Sabirin doğum günüdür. Ələkbər Tahirzadə 1862-ci ildə qədim mədəniyyət beşiyi olan Şamaxıda dünyaya göz açmışdır.
Bu gün Sabirin yaradıcılığı haqqında geniş məlumat verməyəcəm, amma onun "Hop-hopnamə"si ilə bağlı maraqlı bir faktı bölüşmək istəyirəm. Sabirin "Harda müsəlman görürəm, qorxuram" adlı satirasını, yəqin ki, eşidibsiniz. Bildiyimiz kimi şair 1911-ci ildə qaraciyər xəstəliyindən dünyasını dəyişir.
Professor Şirməmməd Hüseynov qeyd edirdi ki, 1911-ci ildə Mirzə Ələkbər Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap etdirsin, çünki Sabir yazırdı, amma kitabı çap olunmamışdı. Heç öz kitabını görmədi də. Abbas Səhhət qəzetlərdə elan verir ki, "ay camaat, gəlin yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək". Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdləri 3 qəpik, 5 qəpik yığıb göndərirlər.
Həmin ilin yayında azərbaycanlı qadınları ilə erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa erməni qadınları Sabirin kitabıyla bağlı elana rast gəlir, qərara gəlirlər ki, yardım etsinlər. Bilirsiz niyə? Çünki Sabirin "Qorxuram" adlı şeirindəki "harda müsəlman görürəm, qorxuram" misrası onların çox xoşuna gəlirdi...
Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları da göndərirlər kitabın çapı üçün. Beləcə, Mirzə Ələkbər Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı çap olunur və üstəlik kitabın ilk nəşrinin ön sözündə də kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur.

Gah şəfəq tək düşürəm dağlara,
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara,
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan,
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr,
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram.


#MirzəƏləkbərSabir